Görkəmli rejissor anıldı

 

Görkəmli sənətkarların yubiley tarixləri ilə bağlı "Ömrün səhifələri" adlı silsilə kitablar hazırlayan Azərbaycan Teatr Xadimləri İttifaqı bu silsilədən növbəti kitabını milli teatr sənətimizin inkişafında misilsiz xidmətləri olan rejissor Məhərrəm Haşımovun 100 illik yubileyinə həsr edib.

Bu günlərdə sənət adamları Teatr Xadimləri İttifaqında məhz bu kitabın təqdimatı üçün bir araya gəldilər. Tədbiri giriş sözü ilə açan professor Azər Paşa Nemətov bildirdi ki, təqdim olunan nəşrdə indiyədək heç yerdə çap olunmayan  arxiv materiallarına və fotolara geniş yer verilib. Azər Paşa Nemətov onu da qeyd etdi ki, Məhərrəm Haşımov 57 illik qısa ömrünün 40 ilini müqəddəs saydığı teatr sənətinə sərf etmiş və sözün əsl mənasında, yüksək sənətkarlıq nümunələri hesab olunan tamaşalar yaratmışdır. Onun həyatı və zəngin yaradıcılığı milli teatrın inkişafına töhfə verməklə yanaşı, eyni zamanda, gələcək nəsillər üçün örnək hesab olunmalıdır. Məhz bunu nəzərə alaraq onun səhnə sənəti sahəsindəki fəaliyyəti müqabilində cüzi minnətdarlıq hissi kimi bu kitabı ərsəyə gətirdik. Bunu rejissorun ruhu qarşısında mənəvi borcumuz hesab edirik.

S.Vurğun adına Azərbaycan Rus Dram Teatrının baş rejissoru Aleksey Şarovski, xalq artistləri Rafiq Əzimov, Cənnət Səlimova və digər çıxış edən sənət adamları da Məhərrəm Haşımovun mənalı ömrünün müsbət çalarlarından, eyni zamanda, yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən ətraflı söz açdılar. Bildirdilər ki, M.Haşımov quruluş verdiyi tamaşalarda insanın düşdüyü vəziyyətə uyğun daxili aləmində baş verən dəyişikliyi ən xırda detallara qədər, rəngarəng cizgilərlə nümayiş etdirməyə müvəffəq olan rejissor idi. Onun tamaşaları bədiiliyi, mükəmməl kompozisiya bütövlüyü maraqlı, eyni zamanda, avanqard səhnə yozumu və obrazlı həllinə görə diqqəti cəlb edirdi.

Tədbirin sonunda rejissorun qızı Tamilla Haşımova kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi. Xatırladaq ki, kitabın mətn müəllifi Çingiz Ələsgərlidir.

 

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.-2013.- 23 iyun.- S.8.